Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA

0

  •         1992-ci il fevralın 25-dən 26-na keçən gecə, yerlərin və göylərin məhkəməsinin susduğu gündə Seyran Ohanyanın başçılığı ilə erməni silahlı dəstələri 366-cı motoatıcı alayla birlikdə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki yalnız azərbaycanlıların yaşadığı 57 yaşayış məntəqəsindən biri olan Xocalı şəhərini və yaxınlığında yerləşən hava limanını zəbt edərək yerli əhaliyə qarşı dəhşətli soyqırım törətdilər.  20 Yanvar qırğını kimi Xocalı faciəsi də xaqımıza qarşı affekt vəziyyəti yaşatdı. Son dövrlər Xocalı soyqırımının statistik göstəricilərinə görə, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.         Dövrün səriştəsiz vəzifəli şəxslərinin spekulyativ fəaliyyəti, hərbi qüvvənin zəifliyi ermənilər tərəfindən mühasirəyə alınmış Xocalıya heç bir yardım əlini uzatmağa imkan vermədi. Ermənilərin Xocalıdakı vəhşiliyini əks etdirən çoxsaylı sənədlər göstərir ki, Ermənistan Respublikası silahlı qüvvələrinin, onların tabeliyində olan muzdlu əsgərlərin, terrorçu dəstələrin törətdikləri vəhşilik məhz soyqırımı aktıdır və bunu o qanlı günlərin şahidləri də açıq-aydın etiraf edirlər.        Tarixin müəyyən dövrlərində Azərbaycan mətbuatının inkişafında ləngimələr müşahidə olunmuş, baş verən prosesləri obyektiv şəkildə işıqlandırmaqda çətinlik çəkmişdir. Faciənin törədildiyi 1992-ci ildə Azərbaycan mətbuatı konkretlik və birbaşa ünvanlılıq funksiyasını tam formada yerinə yetirməməsi senzura qorxusu ilə bağlı idi. Bu proses 1998-ci ilə qədər davam etdi. Çünki ümumilli lider Heydər Əliyevin 1998-ci il  avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu.        Xocalı soyqırımı mövzusu 1992-ci ildə çap olunan yerli (“Azərbaycan”, “Xalq”, “Səhər” qəzetləri, “Azərbaycan” jurnalı), xarici (Krua l'Eveneman jurnalı (Paris), “The Sunday Times” (London), “Faynenşl Times” (London), “Times” (London), “İzvestiya” (Moskva), “Le Mond” (Paris), “İzvestiya” (Moskva) qəzetləri)  və digər mətbuat orqanlarında öz əksini tapmışdır. 1992-ci ilin fevral-mart aylarında çap olunan “Azərbaycan”, “Xalq” və s. qəzetlərdə Xocalıya edilən maddi yardımlar barədə məlumatlar, bu yardımlara görə minnətdarlıq məktub¬ları çap olunurdu.          Xarici mətbuatın reportyorları – Tomas Qolts (erməni əsgərlərinin törətdikləri qırğınlar barədə məlumat verən ilk reportyor, "Sandi Tayms" qəzeti), Violetta Parvanova ("Nie" qəzeti, Bolqarıstan), Mayor Leonid Kravest ("İzvestiya" qəzeti) faciənin törədildiyi zamanda informasiyanın tirajlanmasında aktivlik göstərmələrinə baxmayaraq, sonralar xarici mətbuatın bu faciəni xatırlamağa həvəsi olmamışdır.        Əhalinin informasiyaya böyük ehtiyac duyduğu 1992-ci ilin  fevral ayında dövrün ən böyük xəbər agentliklərindən olan Azərinform hadisə ilə bağlı məlumat verməkdə çətinlik çəkirdi.         Azərbaycan mətbuatında Xocalı faciəsi haqqında məlumat ilk dəfə “Səhər” qəzetində işıqlandırılmışdır. “Səhər” qəzeti Xocalıda ölənlərin sayının 1000-dən çox, itkin düşənlərin sayının isə 15 nəfər olması ilə bağlı məlumat verirdi, bu da təbii ki hadisənin tam faciəsini əks etdirmirdi. “Səhər” qəzetinin 1992-ci il 27 fevral tarixli sayında Süleyman Qaradağlı “Xocalı işğal olundu” başlıqlı məqaləsində faciə ilə bağlı ilk məlumatı Azərbaycan Milli Ordusunun döyüşçüsü Şamil Sabiroğlunun telefon zəngi ilə bildirdiyini qeyd edir. Münaqişə zonasına ezam olunmuş repartyor Şamil Ələkbərov və Səriyyə Müslümovanın sayəsində hadisə ilə bağlı xəbər bütün yerli ictimaiyyətə yayıldı. İlk dəfə jurnalistlər Çingiz Mustafayevin müşayiəti ilə faciəvi video çəkilişləri dünyaya yayımlamışdılar. Yerli qəzetlər içərisində publisist, şair Sabir Rüstəmxanlının baş redaktorluğu ilə çap olunan Qarabağa Xalq Yardımı Komitəsinin mətbu orqanı olan “Azərbaycan” qəzeti Xocalı faciəsinin işıqlandırılmasında xüsusi aktivlik göstərmişdir.       1992-ci ildə Xocalı soyqırımının baş verdiyi zaman dünya mətbuatında faciəni işıqlandırılmasında ən böyük fəallığı Türkiyə mediası göstərmişdir.         Xocalı soyqırımı 1992-ci ildə Türkiyənin ən fəal mətbuat orqanlarında – “Cumhuriyet”, “Hürriyet”, “Milliyet”, “Türkiye”, “Tercüman”, “Meydan” qəzetləri, “Azerbaycan Türk kültür dergisi”də işıqlandırılmışdır.     Xocalı soyqırımı haqqında xəbərlər mahiyyət etibarilə Türkiyə mətbuatında 2 cür təzahür edir: hadisənin bütün gerçəklikərini ortaya qoyan canlı şahidlərin gözü ilə (Xocalı soyqırımından sonrakı xəbərlər) və başqa mətbuat nümunələrindən qaynaqlanan xəbərlər. Xocalı soyqırımı haqqında ilk xəbər Türkiyə mətbuatında canlı şəkilləri ilə “Hürriyet” qəzetinin 28 fevral 1992-ci il tarixində hərbi jurnalisti İrfan Sapmaz tərəfindən dünyaya bəyan edildi. “Dünya bu katliama dur demeli” başlıqlı yazısı ilə Xocalı faciəsini ilk dəfə Türkiyə mediyasına bildirən geniş yazılı sensasiyalı xəbərdir: “Azərbaycanlılar bütün çətinliklərə rəğmən Dağlıq Qarabağda bir qəhrəmanlıq dastanı yazdılar. Modern silahlarla təchiz olunmuş Qızıl ordu dəstəyi ilə erməni işğalçılarına qarşı azərbaycanlılar qanları bahasına da olsa, mübarizə aparırdılar. Ancaq Xocalının işğalına mane ola bilmədilər”.         Əlbəttə ki, hadisənin baş verdiyi zaman konkret statistik məlumat vermək mümkünsüzdür, ancaq dünyada sensasiyalı xəbər kimi qarşılanan Xocalı faciəsinin dolğun işıqlandırılmaması ölkədə Sovet xofunu yaşayan senzura nəzarəti idi. Verilən statistik məlumatlar, jurnalist qeyri-peşəkarlığı fakt xəbərlərdə özünü göstərir. Yaralının sayı 120 (Azərinform “Bakinskiy raboçi” 28 fevral 1992), 100 ölü və 200 adam yaralı (Aydın Mehdiyev “Nezavisimaya Qazeta” 27 fevral, 1992), 150 yaralı (“Azadlıq” 28 fevral 1992) və s. kimi yalnız statistik məlumatlar və düşmən tərəfin hücumu haqqında informasiya, azərbaycanlıların döyüş taktikasındakı zəiflik, xəyanət, rəhbər başçıların spekulyativ fəaliyyəti pərdələnirdi.         Həmin dövrdə dünya mətbuatında Xocalıda 2000 adamın itkin düşməsi (Thomas Goltz. Corpses Litter Hills in Karabakh. “Sunday Times” newspaper, 2 mart 1992), 1000 ölü, 4000 yaralı (HIATT Fred. Killings Rife in Nagorno-Karabakh. “The Washington Post” newspaper, 3 mart 1992), 1000-dən çox insanın vəhşicəsinə öldürülməsi (Brian Killen. Attrocity Reports Horrify Azerbaijan. “The Washington Times”, 3 march 1992), Qarabağ müharibəsində ölkəni qorumağı bacarmayan ölkə prezidenti Ayaz Mütəllibovun günahlandırılması (Thomas Goltz. Massacreby Armenians Being Reported. “The New York Times”, 3 mart 1992) və s. kimi faktiki məlumatlar qəzetlərdə yer almışdı.         İlk dəfə dünya mediyasına “Sunday” qəzetinin müxbiri Tomas Golts və onun türk həyat yoldaşı Hicran Golts “Sunday Times” qəzetinə Xocalı faciəsi haqqında xəbər vermişlər, qəzet məlumatı çap etdirsə də, “BBC” məlumatı bildirməkdə ehtiyat etmiş, ancaq Moskva müxbirinin xəbərindən sonra Xocalı faciəsini dünyaya bəyan etmişdir.        Fransada nəşr olunan "Le Mond" qəzeti 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklərini işıqlandırmaqla yanaşı, erməni yönümlü mətbu orqanların yalanlarına arqumentlərlə cavab vermişdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, reallıqdır”.         1992-ci ilin bəzi məqalələrin headlaynları (xronika sərlövhəsi) cəlbedici görünsə də, məzmun baxımından daha çox müəllifin emosional mövqeyi, səbəbkarları təqsirləndirməkdə bir çəkingənliyi özünü biruzə verir. Tahir Aydınoğlunun 1992-ci ilin “Xalq” qəzetində çap olunan “Xocalı faciəsi, qatillər kimlərdir?” adlı məqaləsində qatillər rus-erməni kimi səsləndirsə də, konkret olaraq göstərilmir.         70 il avtoritar Sovet rejiminin Qərb jurnalistika təcrübəsindən uzaq düşmüş Azərbaycan mətbuatı ermənilərə qarşı “xalqlar dostluğu” tendensiyası  təbliğatı ilə məşğul olan zaman erməni mətbuatı azərbaycanlılara qarşı özünküləşdirmə siyasəti haqqında artıq zəngin təcrübə qazanmışdı. Həmin dövrün mətbuatında erməni qüvvələrinin arxasında dayanan səbəblər aydınlaşdırılırdı. El Messanyan Qriqoryan Beyrutda çıxan “Zartunk” (“Oyanma”) qəzetində (1992-ci il 24 mart) “Bir erməni yardımı” yazısında dünyanın 24 ölkəsində zəngin erməni iş adamının hesabına maliyyələşən “Arsax yardım fondu”nu Xocalıda döyüşən qəhrəmanları üçün ayrıldığını qeyd edir.          Azərbaycan və erməni mətbuatında yayılmış informasiyalar, absurd və doğru xəbər arasında analitik təhlillər “Nyu York Tayms” qəzetinin 3 mart 1992 tarixli sayında öz əksini tapmışdır: “Dağlıq Qarabağın ikinci böyük Azərbaycan şəhəri olan Xocalının təpədən dırnağadək silahlanmış erməni hərbçiləri tərəfindən ötən çərşənbə axşamı işğal olunmasından sonra ermənilər azərbaycanlıların soyqırımını inkar etdilər. Azərbaycan 1000 nəfərin öldürüldüyünü deyir” (Thomas Goltz. Massacreby Armenians Being Reported. “The New York Times”, 3 mart 1992).         “Haydad”, “Asala” erməni terror təşkilatlarının maliyyə dəstəyi ilə qurmaq istədikləri "Böyük Ermənistan"a xidmət üçün Xocalıya Avropadan gəlmiş erməni jurnalistləri ermənilərin öldürüldüyü barədə absurd xəbərlər yaymışdır.         Bu qəzetlərdə gedən yazılar janr etibari ilə xəbər, xəbər korrespondensiya, qısa reportajdır. 1992-ci illər yerli mətbuatda “Xocalı” faciəsi ilə bağlı fakt xəbər üstünlük təşkil etsə də, sonrakı illərdə hadisə ilə bağlı analitik şərh önə keçdi.         Xocalı faciəsinin törədilmə səbəbləri də jurnalistləri 1992-ci il mətbuatında daha çox düşündürürdü. Əlbəttə ki, dövlətdə məsul vəzifə tutmuş şəxslərin biganəliyi də mətbuatda tənqid olunmuşdu. “Azərbaycan” qəzetinin 5 mart 1992-ci il sayında Teylor Fətişoğlu “Qanlı gecə” və ya Xocalı necə viran edildi” adlı məqaləsində yazırdı: “Alınan məlumatlar hər 15 dəqiqədən bir DİN növbətçisinə və gecə saat ikidə hökümət telefonu ilə Bakı İcra hakimiyyətinin başçısı Rüfət Ağayevin dövlət müşaviri Abbas Abbasovun, baş nazir, müavini Matvey Radayevə və başqa rəhbər işçilərin evlərinə çatdırıldı. Lakin nəticə olmadı”.        Güclü silahlarla təmin edilmiş ermənilər, öz cəbhəmizdə rabitə, kəşfiyyat, döyüş texnikasının zəifliyijurnalistlərin nəzərində məğlubiyyətin səbəbləri kimi göstərilir. “Xalq” qəzetinin 3 mart 1992-ci il tarixində çap olunan Tahir Aydınoğlunun “Uğursuzluqlar nədən doğur?” məqaləsində XTMD-nin üzvü, milis kiçik serjantı İlqar Cəfərov məğlubiyyətin səbəbini döyüş iştirakçısı kimi belə aydınlaşdırır: “Ən başlıcası XTMD milli Ordu, yerli milis, kəndin özünümüdafiə qüvvələrini idarə edən vahid komandanlıq yoxdur. Hamı özü üçün əməliyyat keçirir”.        Beynəlxalq hüquq normalarına görə soyqırım anlayışına uyğun gələn bu faciə hələ də dünya mətbuatında “Xocalı qətliamı”, bəzən “insanlıq əleyhinə cinayət” hadisəsi kimi qələmə verilir.         Hal-hazırda xarici dövlətlərdə yaşayan azərbaycanlılar hər il Xocalı faciəsinin törədildiyi günü “Justice for Khojaly” (Xocalıya ədalət) kompaniyasını həyata keçirməklə faciənin dünya ictimaiyyətinə çatdırılması yolunda mühüm addımlar atırlar. Ümumiyyətlə, həm beynəlxalq, həm də yerli mətbuat materiallarının araşdırılması, həqiqətlərimizin dünya miqyasında tanıdılmasına böyük ehtiyac var.Aynurə Niyaz qızı PaşayevaFilologiya üzrə fəlsəfə doktoru, 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaDigər
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib41 dəfə
    XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA

    Maraqlı gələ bilər
    49
    75
    50
    39
    148